img
Enerso

“Enerso” Naxçıvanda 25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası üzrə müqavilələr imzaladı

img
2026-02-18

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov, “Azərenerji” ASC, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Nobel Energy” və “Enerso” MMC, “Azerbaijan Green Enerji Company” (AGEC), “CEI Naxçıvan” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Naxçıvanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “yaşıl enerji zonası” ilə bağlı strateji baxışına uyğun inkişaf etdirildiyi, Muxtar Respublikada bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, müasir şəbəkə infrastrukturunun qurulması və enerji sisteminin gücləndirilməsi istiqamətində görülən tədbirlərdən bəhs edilib. Zəngəzur dəhlizinin enerji komponenti üzrə həyata keçirilən işlər, o cümlədən enerji sistemlərinin birləşdirilməsi, Naxçıvandan elektrik enerjisinin ixrac edilməsi perspektivləri nəzərdən keçirilib. Naxçıvanda 50 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı “CEI Nakhchivan” MMC və “Nobel Energy”nin dayanıqlı enerji sahəsində fəaliyyət göstərən törəmə şirkəti olan “Enerso” MMC ilə əməkdaşlıq ölkəmizin “yaşıl enerji” gündəliyində mühüm mərhələ kimi dəyərləndirilib.

Energetika naziri Pərviz Şahbazov deyib: “Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin gücləndirilməsi, davamlı sosial-iqtisadi inkişafının sürətləndirilməsi və onun regional enerji istehsalı və ixrac mərkəzinə çevrilməsi məqsədilə bərpa olunan enerji mənbələrinin geniş tətbiqi dövlət başçısının strateji kursunda prioritet istiqamətlərdən biridir. Hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında isə 36,4 faiz təşkil edir. Naxçıvanda bərpa olunan enerji sahəsində özəl investisiyanın ilk nümunələri olan, ümumi investisiya dəyəri 60 milyon manatdan çox təşkil edən “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyaları bölgədə “yaşıl inkişaf” modelinin formalaşmasına mühüm töhfə verəcəkdir.”

“Nobel Energy” şirkətinin baş kommersiya direktoru Eldar Məmmədzadə deyib: “Günəş elektrik stansiyalarının inkişafı ilə bərpa olunan enerjidən istifadənin genişləndirilməsini təmin edərək Naxçıvanda “Yaşıl Enerji Zonası” təşəbbüsünü dəstəkləməkdən məmnunuq. “Nobel Energy” olaraq regionda müasir və dayanıqlı enerji infrastrukturunun qurulması ilə iqtisadi artıma və enerji keçidinə töhfə verməyə davam edirik.”

Yekunda Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə  “Enerso” MMC arasında 25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Şirkətlərlə stansiyalar üzrə investisiya müqavilələri Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri isə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev tərəfindən imzalanıb.

Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122 milyon kVt·st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26 milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Teqlər: Davamlılıq