Naxçıvanda “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə tanışlıq keçirilib
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə tanış olub.
Layihə Nobel Energy şirkətinin bərpa olunan enerji sahəsində fəaliyyət göstərən törəmə şirkəti Enerso tərəfindən həyata keçirilir.
Energetika naziri Pərviz Şahbazov və Nobel Energy şirkətinin Baş Əməliyyat Direktoru Ramal Quliyev dövlətimizin başçısına və birinci xanıma 25 meqavat gücündə stansiya barədə ətraflı məlumat veriblər.
Ümumi investisiya dəyəri 32 milyon manat olan layihə Naxçıvan Muxtar Respublikasının “Yaşıl Enerji Zonası” kimi inkişaf etdirilməsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biridir və ölkəmizin yaşıl enerji strategiyasının həyata keçirilməsinə əhəmiyyətli töhfə verəcək.
Stansiya tam istismara verildikdən sonra hər il təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il təxminən 26 min ton karbon emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.
Layihə Naxçıvanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə və regionda müasir enerji infrastrukturunun inkişafına mühüm töhfə verəcək.
Ümumi sahəsi 500 min kvadratmetr olan stansiyanın tikintisi mərhələsində 250-dən çox insan işlə təmin ediləcək. Layihənin istismara verilməsindən sonra isə 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
“Qərbi Üfüq” Günəş Elektrik Stansiyası Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsi, bərpaolunan enerji istehsalının artırılması və dayanıqlı inkişaf hədəflərinə nail olunması istiqamətində həyata keçirilən mühüm layihələrdən biridir.